İpək qurdları məhv olub...

QəbələPress.info
title
Göyçayda xəstəlik və dərmanlar ipək qurdlarının ölməsinə səbəb olub
Göyçay rayonunda baramaçılıqla məşğul olan kənd sakinləri böyük çətinliklə üzləşiblər.
QəbələPress.info-ya daxil olan məlumata görə,rayonda 300-ə yaxın kümdara ipək qurdu toxumu verilib. Onlar hər gün ipək qurdlarını tut yarpağı ilə bəsləyiblər. Bir müddət sonra ipək qurdlarının bir hissəsi sarılıq xəstəliyi səbəbindən tələf olub.

Bir çox kümdar isə barama qurdlarını bu xəstəlikdən qoruya bilsə də, sonda onların barama toxumaması problemi ilə üzləşiblər. Adətən ipək qurdları 30-35 gün ərzində tut yarpağı ilə qidalandıqdan sonra 2-3 günə barama toxuyur.

Lakin, bu il qurdlar həmin vaxtda normal qidalansalar da, sonda barama toxumadan ölürlər. Məsələ ilə bağlı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) heyvandarlıq sektorunun müdiri Qiyas Rəsulov bildirib ki, meyvə bağlarındakı və tərəvəz bitkilərindəki zərəvericilərə qarşı vurulan perpisidlərin və digər zəhərli dərmanların təsiri nəticəsində barama qurdlarının beyini pozulur və onlar iş faəliyyətini itirir.

"İpək qurdlarının yeganə yem mənbəyi olan tut ağacları təlimata görə meyvə-tərəvəz sahələrindən 10 kilometr aralı məsafədə olmalıdır. Hazırda Göyçayda planlı şəkildə salınmış mədəni tut bağı yoxdur.

Rayonda baramaçılıqla məşğul olan kümdarlar kəndlərdə meyvə ağaclarının arasında, həyətyanı sahələrdə, küçə kənarlarında mövcud olan tut ağaclarının yarpağını toplayaraq ipək qurdu bəsləyirlər. Meyvə ağaclarına və tərəvəz bitkilərinə vurulan perpisidlər isə küləkli havada tut ağaclarının yarpaqlarına keçir. Nəticədə zəhərli tut yarpaqları ipək qurdlarının barama toxumadan ölməsinə səbəb olur".
Qeyd edək ki, bu il Göyçay rayonunda baramaçılıqla məşğul olan 300-ə yaxın vətəndaşın təxminən 60 faizi bəslədiyi ipək qurdlarının tələf olması problemi ilə üzləşib. Onlar əziyyətlə yetişdirdikləri ipək qurdlarından bəhrə görə bilməyiblər və nəticədə qarşıya qoyulan barama planını verə bilməyiblər.
Şahnəzər Bəşirov

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense