Boş qalmış Qəbələ...  

QəbələPress.info
title

Mövsümdən asılı olaraq 2000-6500 arasında turistin səfər etdiyi bölgədə indi bir nəfər belə, turist nəzərə çarpmır

 Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası turizm şirkətləri, turizmlə sıx bağlı olan otelləri çox ciddi şəkildə vurmaqda davam edir. Otellərin bu narahatlığı ləğv edilmiş rezervasiyalar, işçilərin vəziyyəti və karantin rejiminin nə vaxta kimi davam edəcəyi ilə bağlıdır.

Otel sahibləri turizm şirkətlərində yaranmış vəziyyətin ciddiliyini anladıqlarını, amma bunun onların narahatlığına son qoymadığını qeyd edirlər. İnfeksiyanın yayılmasının aprel ayının sonu və may ayının əvvəlində getdikcə azalacağını düşünən və bir çox şirkətlərlə əlaqə saxladıqlarını bildirən agentliklərdən birinin rəsmisi Fuad Qəribov iyun-iyul aylarında turizmin yavaş-yavaş dirçələcəyinə ümid etdiklərini qeyd edir. Onun sözlərinə görə, hələlik sadəcə olaraq zamanın keçməsini gözləməkdən və problemin hansı istiqamətdə davam edəcəyini seyr etməkdən başqa çıxış yolları yoxdur.

© 

Azərbaycanın əsas turizm bölgələrindən olan Qəbələyə hazırda dərin sükut çöküb. Ötən il bu vaxtlar yaz-yay mövsümünün açılışını edərək minlərlə turistə ev sahibliyi etmiş Qəbələdə bu gün bütün otel, restoran və istirahət mərkəzləri bağlıdır. Ümumilikdə 30-dan artıq otelin fəaliyyət göstərdiyi Qəbələ rayonu gün ərzində mövsümdən asılı olaraq 2000-6500 arasında turistin səfər etdiyi bölgədir. Bu otellər arasında dünya standartlarına cavab verənlərlə yanaşı, ulduzu az olan və gündəlik gecələmək üçün nəzərdə tutulanlar da fəaliyyət göstərir. Bu da hər təbəqədən olan insanların bu xidmətlərdən yararlanması deməkdir. Amma bu gün koronavirus səbəbindən bütün otellər boşdur və ancaq xüsusi icazə ilə otellərdə fəaliyyət göstərən azsaylı personalı görmək mümkündür.

Qəbələnin ən məşhur otellərindən sayılan Qafqaz Tufandağ Oteli bu günlərdə ən sakit günlərini yaşayır. Hazırda bu oteldə də rəhbərlik və xüsusi təyinatlı personaldan başqa heç kim yoxdur.

©

Otelin baş meneceri Ramin Qurbanov deyir ki, yaranmış vəziyyətdə turizm sektoru ən böyük zərər etmiş sahələrdən biridir: “Bu hazırkı vəziyyətdə başadüşüləndir. Çünki insanlar yaranmış problemə görə öz səyahət planlarını dəyişməyə məcbur oldular. Problemin turizmin yenicə inkişaf etməkdə olduğu Azərbaycandan yan keçməsi mümkün deyildi. Biz fevral ayının sonları, eləcə də mart ayının əvvəlindən etibarən rezervasiyaların ləğvi tələblərini aldıq. Bu əsasən xarici ölkələrdən olan rezervasiyalar idi. Mart ayının 28-dən etibarən isə ümumilikdə otellər gözləmə rejiminə alındı. Çünki xüsusi karantin rejiminə əsasən artıq ölkə əhalisinə də evlərini tərk etmə məhdudiyyəti qoyuldu. Təbii ki, otellər şəbəkəmizdə qonaq qəbul edə bilməzdik və bu gün də mümkün deyil. Pandemiya bizim büdcəyə də çox böyük zərbə vurub.

Amma menecer onu da deyir ki, karantin dövrünün müəyyən müsbət cəhətləri də olub.

1 / 3
©

“Bu müddət ərzində öz iş prinsipimizi analiz etdik və mənfi cəhətlərimizi anladıq, boşluqlarımızı görə bildik və hazırda onların üzərində çalışırıq. Gələcəkdə dövrün tələblərinə, standartlara uyğun xidmət göstərə bilmək bizim üçün çox vacibdir. Təbii ki, bu dövr ərzində ölkə rəhbərliyinin verdiyi qərarlara və öhdəliklərə uyğun olaraq əməkdaşlarımız, eləcə də şirkətimiz öz üzərinə düşmüş öhdəlikləri yerinə yetirdi və əməkdaşlarımız öz iş yerlərini itirmədilər. Hazırda onlar gözləmə dövründədirlər və pandemiya dövrü bitdikdən sonra öz iş yerlərinə qayıdacaqlar. Düşünürəm ki, pandemiya dövründən sonra insanlarda bir müddət fobiyalar olacaq ki, bunu da əsasən xaricdən gələcək qonaqlara şamil etmək lazımdır. Odur ki, xarici vətəndaşlar bir müddət başqa ölkəyə  səyahət etməkdən çəkinəcəklər. Yəqin ki, hələ bir müddət də otellərimiz boş qalmaqda davam edəcək”, – deyə Ramin Qurbanov əlavə edib.

İlham Əhmədov,
Sputnik Azərbaycan

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense