Güllələnmə hökmü: Moskvada çarəsiz şəkildə qalan azərbaycanlı...

QəbələPress.info
title
Nazlı yazır...
-----------------------------------

Meydan portretləri: Əhməd Əhmədov

Təxminən otuz il əvvəl ölkədə hər kəs Sumqayıt hadisələrindən və bu hadisələrin günahsız qurbanı Əhmədin taleyindən xəbərdardı. Bu günün gəncliyi isə Əhməd Əhmədovu tanımır. Orta nəsil tərəfindən onu tanıtmaq və xatırlatmaq üçün meydan nümayişlərindən sonra hansısa addımlar atıldığını eşitməmişəm. Belə cəhdlər edilibsə, üzr istəyirəm.

Məsələ onda idi ki, Sumqayıt hadisələrinin müəllifləri guya azərbaycanlıların vəhşiliyini dünyaya göstərmək üçün ssenari qurub özləri o vəhşətləri törətmişdilər.

Əhmədov bu şər əməlin güdazına getdi. O da olmasa başqa biriləri həmin qisməti bölüşəcəkdilər. Çünki söhbət fərdlərdən deyil, bütöv Azərbaycan xalqından gedirdi. Ki, bu xalqdan olmağın bədəlini o və ailəsi təklənmiş, unudulmuş vəziyyətdə sona qədər ləyaqətlə ödədilər. 

O zaman yüksək vəzifələr tutan ermənşüvənlərin təzyiqi altında olan Moskva məhkəməsinin Əhmədova güllələnmə hökmü çıxartmayacağı möcüzə olardı. İşin xeyrinə o qədər sübutlar varmış ki, Ali Sovetdə Azərbaycanı təmsil edən heç olmasa bir deputatın və yaxud SSRİ məkanında tanınmış şəxsin mötəbər ünvanlara müraciət etməsi o möcüzəni gerçəkləşdirə bilərmiş. Əhmədovlar Moskvada olduqları uzun müddət ərzində dəstək görmədikləri ölkədən bircə dəfə bunu istəyirlər.

...Müraciət edəsi yazar-deputat şəhərkənarı evində dincəlirmiş. Digəri, bizim gənclik üçün beşmərtəbəli evin altıncı mərtəbəsini kəşf edən məşhur isə öz soyuq mövqeyi ilə onlara ürək-dirək əvəzinə "başsağlığı” verir. Son ümidin öldüyü anların dəhşətini həmin gün Bakıda daşımaq zorunda qalan Əhmədin böyük qardaşı real ölüm hökmünü daha sonra Moskvada yaşayacaqdı... Bakı yaxud Moskva, içində ölüm gəzdirən adama nə fərq edər ki?

"Əhmədova azadlıq!” deyə hayqıran insan dənizi bir atım barıt kimi yandı və söndü. Kimsə dünən uğrunda meydanda üsyan etdiyi gəncin sonrakı taleyilə maraqlanmadı. Çünki bu ölkədə hər şey o gündən-bu günə kampaniya xarakteri daşıyır.

O zaman Əhmədin xilası üçün sona qədər kütləvi mübarizə aparılsaydı, bəlkə indi bu ağrılı sətirlər yazılmazdı. Amma nə dövlət tərəfindən bu yöndə addımlar atıldı, nə də ziyalılar düşmən əlində girov olan vətən övladı üçün qələmə sarıldılar. Hansı ki, erməni diasporu Moskvada prosesin getdiyi məhkəmə zalına ev sahibliyi edirmiş. Harada yaşadığından asılı olmayaraq ermənilər Əhmədin məhkəməsini anbaan izləyirmişlər. Nəhayət, iyrənc "qələbə”lərini elə zaldaca Əhmədin və doğmalarının gözləri qarşısında bayram ediblər.

Bu, bizim qara tariximizin xəcalətli səhifələridir.

Əhmədin nakam taleyindən 1991-ci ildə rayon qəzetinə yazdığım yazı artıq saralıb didik-didik olmuş qəzet kağızından oxunmur. Amma mən orda yazılanları hər sətrindən bilirəm. O zaman məqaləni hələ dağılmamış kommunist partiyasının rəsmi orqanında kommunist redaktor Əziz Əzizov dərc etməyə özündə cəsarət tapdı. Bunun əksini gözlədiyim üçün kabinetinə "ültumatum verməyə” gedəndə Əziz müəllimin açıq mavi gözləri qızarmışdı. Qarşısındakı düzəlişsiz mətni mənə uzadıb tutqun səslə dilləndi:

– Apar mətbəəyə...

Və o çəkingən, utancaq yazı...

Düz üç il yollar yorğunu olan Telli ananın üstünə oğul əvəzinə yad dildə yazılmış bir parça kağız gəldi. Dünyanın "düz vaxtında”, günlərin adi günü qara kağızı gətirən poçtolyon əlini zəngin düyməsinə necə uzatdı görəsən?

Məncə, o qapının zənginə toxuna bilmədim, eləcə tıqqıldatdım və özümə güclə çatan zəif səsi içəridəkilər dərhal eşitdilər. Qapıdan keçib ani çaşqınlıqdan sonra isə gözümə ilk toxunan divardakı böyüdülmüş şəkil oldu – üç il bundan əvvəl noyabr nümayişlərində Lenin meydanında tribunadan boylanan şəkil... O günlər qəzəblə dalğalanan insan dənizinin "Əhmədova azadlıq” sədaları qulağımda əks-səda verib, eşidilməz oldu.

Tanrının səbri çoxdu...

Günün birində gəlib evindən nər kimi balanı aparalar, üstünə olmazın böhtan atıb... Qorxma, Telli ana, işlətməyəcəyəm o sözü. Qorxduğun dəhşətli kəlməni mən də dilimə gətirə bilmərəm. Çünki qəlbindəki son işartı o sözü yaxına buraxmır, son gücünü toplayıb əl boyda kağıza inanmaq istəmir. Və nə olaydı bu zəif ümid güclü bir həqiqətə çevrilib axşamların-gündüzlərin birində hamının sevimlisini qapıdan içəri salaydı. Nə olaydı, bütün bu məşəqqətlər – millət, torpaq dərdi yuxu olaydı və bu kabusun əvəzində ömrümüzə ilıq, dinc səhərlər açılaydı.

O açılan səhərlərdə yəqin daha nikbin yazılar yazılacaq, amma bu gün başqa cür danışmaq olmur. Çünki Əhmədin canını alan o dəhşətli hökmdə hamımızın biganəlik payı var. Və mən o axşam duyduğum günah hissindən ağlar səsli, solğun bənizli möhtəşəm ananın üzünə göz dolusu baxa bilmədim.

***

Əslində o qapını döyməkdə məqsədim heç yazı yazmaq deyildi. Sumqayıtda – Xalq Cəbhəsinin qərargahından Əhmədovların ünvanını götürüb ora yollananda da, o görüşdən bir neçə gün sonra da belə fikrim yox idi. Təsadüfən qeyri-formal qəzetlərin birindəki mərkəzdən vurulan teleqramın mətnini oxuyandan sonra ən adi borc çəkib aparmışdı məni ora.

Boylu-buxunlu Əhmədi Sumqayıt hadisələrində guya mikrofonla xalqı iğtişaşa çağırmaq üstündə həbs ediblərmiş. Məlum maddə üzrə ittiham olunan Əhmədov isə fevralın 17-si, 18-nə qədər nə qan görmüşdü, nə də kütləvi iğtişaş. Sadəcə, lənət fitvanın qurbanı oldu və xatırlamaq belə ağırdır ki, Əhmədin məhkəməsində valideyinlərindən, qardaşından və bir də vəkilindən savayı kimsə iştirak etməyib. O isə oralara oğurluq və yaxud dələduzluq üstündə düşməmişdi...

Əhmədin böyük qardaşı Məmmədağa şirin Lənkəran ləhcəsi ilə anasına: "Bağışla, sözünü kəsirəm, nənə”, - deyib, üzünü mənə tutur:

– Əhmədi xilas etmək üçün çox əlləşdik. Proses boyu üç vəkil dəyişmişik; xəstə olan, təqaüdə çıxanı oldu... Eh, elə bil işi daşdan çıxırdı uşağın. (Çıxsaydı nə vardı ki?).

Məhkəmə vaxtı üstündə bir neçə nəfərin qan izi olan tünd qara kostyum işə əlavə olunur. Əhmədin etirazına, Telli ananın fəryadına baxmayıb, "kostyum Əhmədindir”, deyib dururlar. Əslində isə 1988-ci ilin mart ayının 12-dən həmin vaxta qədər əllidən çox şahidin ifadəsinə görə, Sumqayıt hadisəsi zamanı boz kostyumda olub Əhməd.

Bu xəbərlə Məmmədağanın Bakıya necə "uçmasını”, yuxarıda bəhs olunan nəticədən sonra qol-qanadını necə sındığını təsəvvür etmək belə mümkünsüzdür. Əhmədovlar və vəkilləri qara kostyumun onları ağ günə çıxardacaqlarına ürəkdən inanırmışlar. Olmayıb. Ən dəhşətlisi də o sübutun üstündən ananın gözləri qarşısında oğluna ölüm hökmü verilib.

Bütün bunları düşündükcə xəcalət bürüyür adamı. Amma Telli ana da, Məmmədağa da belə xırdalıqlardan çox-çox uzaqdırlar. Bu ağır, qüssəli günlərdə belə, bir kimsədən umu-küsüləri yoxdur.

Verilməyən sualın cavabı...

Bir görüş yazılıbmış Telli ananın alnına. Min bir zillətlə əldə olunan ağır şərtli bir neçə dəqiqəlik görüş. O görüşün iştirakçıları vaxtın qızıldan da qiymətli olduğu anlarda nə dedilər bir-birinə, nəyi unutdular? Soyuq şüşənin o tərəfində Əhməd, bir tərəfdə qəddi bükülmüş ana-ata və bir də bu dəqiqələrin tərcümanı olmaq dərdini də daşıyan Məmmədağa. "Ədalətli qanunlar” demə son görüşdə belə ən yaxın adamlara doğma dildə danışmağa yol vermirmiş. Rusca bilməyən ana bu səhnəni idarə edən böyük oğlu vasitəsilə bircə cümlə çatdıra bilib Əhmədə:

– Anan ölsün, ay bala, şəklini böyüdüb meydana vurmuşdular.

Allah bilir nələr varmış ürəyində. Amma o məhdud möhləti övladlarının, ömür yoldaşının əlindən ala bilməyib.

Sözü ürəyində qalıb Telli ananın.

Sonbeşiyi - istəklisi də buz kimi şüşənin o tayında. Sonra da buz kimi əllərin imzaladığı bir teleqram gəlib Sumqayıta: hökm icra olunub. Ölüm aktını VVAQ şöbəsindən ala bilərsiniz! Və bir də həmin akt. Yarımçıq bir ömrün son sənədi.

O axşam Əhmədin atasını görə bilmədim, dərdini götürüb qızının evinə gedib, dedilər.

Əhmədin nişanlısını da görmədim. Tələbədir, axşam şöbəsində oxuyurmuş.

Və Əhmədi görmədim...

Tanrının səbri çoxdu, deyirlər. Sənin səbrin daha çoxdu, Telli ana...

1991-ci il, "Qəbələ” qəzeti.

P.S. Əyalətdən "böyük dünyaya” ilk çıxışlarımdan idi Əhmədovlar ziyarəti. Naşılıq ola bilər, amma səmimiyyətdən kənar heç nə yoxdu yazıda. Əhməd üçün əlim çatan hər yerdə işıq üzü görsün istədim. Unudulmasın, xatırlansın deyə...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense