İki yol ayrıcında... 

QəbələPress.info
title

Bir neçə gün idi ki, çiynində çanta 13-14 yaşlarında bir uşağın yeni tikilmiş məktəbin hasarından həsrətlə içəri boylandığını görürdüm. Bu hər gün davam etdiyindən maşını saxlayıb, onu çağırdım. Dərs vaxtı küçədə gəzməyinin səbəbini soruşdum.

-Dayı, siz polissiz?..

Mənim sualıma verdiyi sualla cavabı çaşdırdı məni.

-Yox, polis deyiləm, necə ki?

-Elə bildim polissiz, məktəbdən məni hədələyiblər ki, bir də buralarda görsək polisə zəng edəcəyik.

Bu kiçik dialoqdan heç nə anlamasam da başımın işarəsi ilə maşına oturmağını təklif etdim. Oturan kimi, soyuqdan büzüşmüş əllərini  ovuşdurub mənə baxdı... Gözlərindən axan yaşı indi gördüm. Mənim növbəti sualımı gözləmədən özü başladı.

-Məni məktəbə qoymurlar. 7 il bu məktəbdə oxumuşam. Ötən il bacı və qardaşımı ailəmizdə olan problemlərə görə Şəki şəhərində yerləşən uşaq evinə yerləşdirdilər. Sonra atam gəlib məni götürdü...

Nə isə mühüm bir şey yadına düşübmüş kimi üzümə baxıb:

-Hələ bir dəfə qaçmışdım...

Müsahibim Qafarov Yaqub Əlvan oğludur. O, 2006-cı ildə anadan olmuş, təhsilə,- birinci sinifə də Qəbələ rayonunun Vəndam qəsəbəsində, 2 saylı tam orta məktəbində  başlamışdır. Dərslərə davamiyyəti yəqin ki, onun sözləri ilə desək, "ailələrində olan problemlər" mane olub. Adı yaxşı oxuyanların sırasında çəkilməyib.

Onun söhbətlərindən belə məlum oldu ki, heç bir əsası olmadan sözügedən məktəbin direktoru  onu məktəbə buraxmaq istəmir. Yəqin "problem" istəmir... Yaxşı oxumayan kasıb ailədən olan nənəsinin himayəsində olan  bir uşağa vaxt itirmək istəmir.

-Dünən Nurlan müəllim, mənə dedi ki, sabah çantanı d götür gəl məktəbə. Bu gecə sevindiyimdən yatmadım. Mən məktəbə gələndə hava hələ açılmamışdı...

Kövrəldiyini hiss etdim, bu balaca kişi göz yaşlarını məndən gizlətmək üçün nəzərlərini çevirib məktəbin damında oynayan quşlara dikdi. Əlində əzişdirdiyi papağının kənarı ilə gözünün yaşını silib:

- Direktor məni görən kimi, otağına çağırdı. Kimə isə zəng edib, niyə mən götürməliyəm onu, kim nə dedi onun sözü ilə oturub-durmalıyam, -deyə soruşdu.  Direktorun hirsləndiyi  hiss olunurdu. Sonra bir xala ilə danışdı, səsini eşitdim. O xala ilə danışandan sonra mənə dedi ki, mənim məktəbimdə yer yoxdur.

Ağlaya ağlaya evə getdim..

Direktorun danışdığı xalanın kim olduğunu anlamaq üçün professor olmağın lazım olmadığını bildiyimdən hələlik bu barədə susuram.

Yaqubun nənəsi Sahibə xalanı evdə tapa bilmədim. Qonşuları dedilər ki, işdədir... Telefonla danışığım:

-Uşaq ağlaya-ağlaya evə gəldi. Durub getdim məktəbin direktorunun yanına. Nə qədər yalvardımsa xeyri olmadı. Dedi götürmürəm. Ay bala, məgər uşaq pis oxuyanda  məktəbə qoymurlar? Bir neçə ilə gələcəklər ki, ver uşağı əsgər aparaq. Küçələrdə qalan uşaqdan nə əsgər? 

Sahibə xala yenə nə isə deyirdi... Doğrusu hıçqırıq qarışıq danışığını başa düşmürdüm.

Bir az da yazıb oxucuları da yormaq istəmirəm. Məncə hər şey aydındır... Bir nəfər Azərbaycan vətəndaşının gələcəyi ni  aydınlaşdıra  biləcək bu problemin həlli də çox asandır...

Yadıma Abbas Səhətin sözləri düşdü.

Bir xalqı çökdürmək üçün silahla, topla, tüfənglə qırmağa ehtiyac yoxdur. Daha rahat yol var- SAVADSIZLIQ!

Və cəmiyyəti bu cəhalətə sürüyən direktorlar, "xala"lar bilməlidirlər ki, heç kim onlara yol verməz ki, onlar dövlət məktəblərini özəlləşdirsinlər, bu və ya digər təhsil ocaqlarına "çörək" təhnəsi kimi baxsınlar. Və mən inanıram ki heç kim  Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinin və Təhsil  Qanunun müddəalarına xor baxanlara göz yummayacaqlar. 

Və inanıram ki, TƏhsil Nazirliyindən bu məsələ ilə bağlı təcili araşdırma aparılacaq və tədbir görüləcək. İki yol ayrıcında qalmış bu yeniyetmənin xeyirli, vətənə layiqli bir gənc kimi yetişə biləcəyi yolla getməsinə köməklik edəcəklər.

V.Əziz 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense