Nərminin ölüm səbəbi... - TƏKLİF

QəbələPress.info
title

Artıq bir neçə gündür ki, Tovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının dəhşətli qətli cəmiyyətdə rezonans doğurub.

Hadisəyə münasibət bildirən yazıçı Aysel Əlizadə Publika.az-a açıqlamasında deyib ki, bu tip hadisələrin tez-tez baş verməsi reaksiyamızı son dərəcə adiləşdirib: “Yeni il ərəfəsində qızımla bir neçə Avropa ölkəsində olduq. Orada gündüz vaxtı uşaqları küçə-bacada görməzsiniz. Restorana belə getmirlər. Hətta uşağım məndən soruşdu ki, ana, burada uşaq yoxdur? Yəni, Almaniyada, Niderlandda uşaq yoxdur? Haradadır bunlar? Biz maraqlandıq, onlar dedi ki, uşaqlar səhərlər dərsə gedir, dərsdən sonra dincəlirlər və çox tez yatırlar. Bunu səhərlər gümrah olmaq üçün edirlər. Heç bir halda uşaq yorğun ola bilməz. Uşaqlar rejimlə yaşayır. Küçəyə filan nə vaxt gəldi çıxarmaq, hara gəldi aparmaq, mağazaya göndərmək və s. belə şeylər etmirlər. Orada dəmir barmaqlıq və ya qapı görməzsən. Təhlükəlidir deyə buraxmamaq deyil məsələ, sadəcə uşaqlar rejimlə yaşayır. Təhsil proqramı, uşaqlara dövlətin nəzarət proqramı, valideynlərlə uzun illər aparılan işlər, sosial işçilərin təbliğatı yüksək səviyyədədir. Yəni, dərinə o qədər hopub ki, cəmiyyət özü-özünü idarə edir artıq”.

Yazıçı vurğulayıb ki, bu mövzuda valideynlərin məsuliyyəti önəmlidir: “Uşağı təkbaşına harasa göndərmək yanlışdır. Təhsil sistemində ciddi islahatlar aparılmalıdır. Maarifçilikdə işlər aparılsın gərək. İşimizi, gücümüzü atıb, toplumun inkişafı ilə məşğul olmalıyıq. Başqa cür mümkün deyil. Heç bir addım, islahat, dəyişiklik toplumu dəyişməyəcək. Qanunların, təhsilin və maarifçiliyin artıq işlək mexanizmə çevrilməsi vacibdir. Başqa şəkildə biz bunun qarşısını ala bilmərik. Ölkədəki cinayətlərin sayını azaltmaq üçün real proseslərə başlamaq lazımdır. Nərmin üzə çıxan hadisədir. Bizim bilmədiyimiz nə qədər Nərminlər var. Əgər Kölndə, Berlində insanlar dəmir qapılardan istifadə etmirsə, rahat şəkildə qapılarını bağlayıb çıxıb gedirsə, evlərinin qarət olunma qorxusu yoxdursa, bu, o deməkdir ki, onlar qanunlara və cəmiyyətə güvənirlər. Orada yaşayan qıza sual verdim ki, bu adamlar qorxmurlar ki, evlərinə oğru girər? O dedi ki, kim özünü biabır edib, oğurluğa əl atar? Cəmiyyət görün hansı həddədir?! İnsanlar cinayət törətməkdən utanırlar. Ağıllarına belə gəlmir. Ona görə ki, onlar ciddi ictimai qınaqla, güzəştsiz qanunlarla qarşılaşırlar. Almaniyada uşaq hüquqlarını müdafiə edən qurumlar valideynlərin övladı ilə yanlış davranmasına, övladlarının əllərindən alınması şəklində cavab verirlər. Onlar uşaqları daha sağlam ailəyə verirlər”.

A.Əlizadənin fikrincə, uşaqları qorumaq üçün maarifləndirici işlər aparılmalıdır: “Məsələn, bizim kimi şərq təfəkkürlü insanlar başa düşmür ki, valideyndən uşağı necə almaq olar? Biz uşağın yanında hər şey danışırıq, onu maarifləndirmirik. Uşağa kimlə gəldi, hara gəldi getməyin yanlış olduğunu öyrətmirik. Özümüzdə də problem var. Valideyn uşağı bacardığı qədər qorumalıdır. Uşağı qorumaq təkcə onun qarşısına yemək qoymaq, oyuncaq almaq, ərköyünlüyünə dözmək deyil. Uşağı qorumaq onu bütün mümkün təhlükələrlə anlayacağı dildə məlumatlandıra bilməkdir. Ona özünü qoruya bilməsini öyrətməkdir. Avropada maarifləndirici tezislərə uşaqlarla söhbət daxildir. Müəyyən cümlələr var, onları uşaqlara izah edirlər. Onları təhlükəli, yad adamlardan qoruya biləcək söhbətlər aparılır. Uşağı təkbaşına küçəyə buraxmaq olmaz. Yəni, biz özümüz də bəzən o səhvi edirik, amma olmaz. Nəzərə alsaq ki, cəmiyyətimizdə belə hallar çoxdur, daha diqqətli olmalıyıq. İtaliyada uşağı tək qoyub ticarət mərkəzində mağazaya baxdığı üçün ananın əlindən alıblar. Ananı ölkənin baş psixoterapevtinin yanına aparıblar ki, bu insanla söhbət et, başında problem var. Yəni o qədər həssas yanaşırlar. Bizdə də bu proqram işlək vəziyyətə düşməlidir. Valideyn ola bilər ki, bunlardan xəbərsizdir. Dədə-baba qaydası ilə yaşayır”.

O, sosial şəbəkələrdə insanların hadisəyə emosional yanaşmasının da heç bir nəticəsinin olmadığını qeyd edib: “Ağlamaqla nəyisə həll etmək mümkün deyil. Ağlayaq, Feysbukda status yazaq, nə xeyri? Bu hadisə ilə bağlı mən heç nə yaza bilmədim. İki gündür əsəbiləşirəm ki, nə edək, necə çıxaq bu vəziyyətdən? Biz ancaq uşaq hüquqları ilə bağlı ciddi işlərə başlamalıyıq. Uşaq hüquqlarının müdafiəsi Azərbaycanda yox səviyyədədir. Beynəlxalq konvensiyaya qoşulmuşuq, amma iş yoxdur, aparılmır. Sosial işçilər artıq fəaliyyətə başlamalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları bölgələrdə təbliğatlar aparmalıdır. Uşağını tək harasa göndərən, üstünə qışqıran, incidən, ya da incitmədiyini, sevdiyini düşünüb, uşağını alçaldan valideynlərlə söhbətlər aparılmalıdır. Uşağı qoruma mexanizmləri tətbiq olunmalı, işlək vəziyyətə düşməlidir. Ciddi şəkildə anti-pedofiliya, anti-zoofiliya, anti-diskriminasiya təbliğatları başlamalıdır. Hamılıqla əl-ələ verib, qadın və uşaq zorakılığına qarşı çıxmalıyıq. Bunların müzakirələri mediada, televiziyalrda təşkil olunmalıdır. Verilişlərə ciddi ekspertlər dəvət olunmalıdır”.

Yazıçı bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcili şəkildə tədbir görməli idi: “Açıq müşavirə təşkil edib, canlı yayıma çıxmalı idi. Bütün kanallar həmin müşavirəni işıqlandırmalı idi. Hadisə iki aya yaxındır ki, baş verib, biz isə bunu bir neçə gün əvvəl bildik. Yaşanan hadisə virus, xərçəng kimidir. Yazırlar ki, hər yerdə pedofiliya, zoofiliya, qadın zorakılığı var. Düzdür, hər yerdə var. Amma bütün bunlarla yanaşı müdafiə mexanizmi də var. Bu cür amansızlıq harada görmüsünüz? Ayda-ildə bir dəfə hansısa ölkədə baş verər, bundan da bütün dünyanın məlumatı olar. Həmin an cəmiyyət, dövlət strukturları ayağa qalxır. Aləm dəyir bir-birinə, sonra bütün dünyanın xəbəri olur ki, ABŞ-ın filan ştatında, yaxud Almaniyanın hansısa şəhərində belə bir hadisə olub. Yəni bu qədər ciddi yanaşırlar məsələyə. Biz isə ancaq nümunə deməklə və ağlaşma ilə ötüşdürürük. Elina hadisəsində də belə oldu, 14 yaşlı qız intihar etdi. Zorla nişanlanan qız da intihar etmişdi. Bu, bitməyən, tükənməyən hadisə və faciə axınıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalıdır. Biz də bilməliyik ki, bu qurum yoxdur. Özümüz nəsə fikirləşək və dövlətə təkliflərimizi verək ki, bəlkə alternativ qurum yarada bildik. O qədər hadisə olur, bu qurum ölü kimi dayanıb. Onların borcudur açıqlama vermək, narahat olmaq. Yalnız bir neçə media qurumu hadisəni işıqlandırır”.

Məhərrəm Əliyev

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense