Zülmətdə yaranan işıqlı ədəbiyyat 

QəbələPress.info
title

Zülmətdə yaranan işıqlı ədəbiyyat

Bu il istedadlı şair,cəmi 28 il ömür yaşamış Azərbaycan dissident ədəbiyyatında özünəməxsus yer tutan Tofiq Vəndamlının anadan olmasının 70 illiyi tamam olur.
Bu vaxta qədər vətənpərvər, istedadlı şairin 2 kitabı çapdan çıxmışdır."Qandal qolda nə yazım"(Bakı,Ozan,2005) və " Yalan kürsü,yanan kürsü"(Bakı,Çinar-Çap,2007).
1- ci kitaba Məhəmməd Hadi,Gültəkin,Əhməd Cavad,Almas İldırım,Xəlil Rza Ulutürk,Məmməd Araz,Bəxtiyar Vahabzadə ruhlu,nəfəsli şair Tofiq Vəndamlının(1949-1977)1973-1976-cı illərdə qələmə aldığı şeirlərdən bir qismi daxil edilmişdir.
2-ci kitabda isə müəllifin"Yalan kürsü,yanan kürsü" povesti və haqqında məqaləlır,yazılar nəşr edilmişdir.
Sovet rejiminin girdabında əziyyət çəkənT.Vəndamlı bir rus şovinistinin onun millətini təhqir etməsinə dözməyib,ona xəsarət yetirməyə məcbur olub və zindana atılıbdır.
Çox güman ki,müəyyən bəhanələr axtarıblar onu zindana atmağa.Təbriz,Culfa,Vəndam,Qəbələ,Gəncə,Bakı,Mıngəçevir,Şirvan-bütövlükdə Azərbaycan coğrafiyası onun şeirlərində əsas mövzusudur.
Torpağa,yurda məhəbbət,ata,ana sevgisi,səmimi lirik hisslər şairin yaradıcılığında mühüm yer tutur.
Tofiqin yazıları o dövr üçün cəmiyyətdə kimsənin bilmədiyi mətləblərdən xəbər verən yazılar idi.
O,ruhunda müstəqilliyi bizim hamımızdan əvvəl qazanıb,hiss edib,qəlbi bu eşq ilə döyünüb.
Qüvvəli,cüssəli görünsə də fil,
Qəzəb zərbəsinə tab edən deyil.
Tezliklə gülərsən sən də müstəqil,
Qaşları qüssədən çatılan Vətən!
Şairin "Azərbaycan,Azərbaycan","Çağırış","Ağlar oldu","Vətən desinlər" və başqa şeirləri bu cür yeni fikir və ifadələrlə zəngindir.Bu şeirləri həyəcansız oxumaq olmur.
Ailə qurmağa belə macal tapmayan böyük ideyalar şairinin həbsxanada yazdığı şeirləri həm də ən ağır dərdlərin-qürbət,ailəsizlik,başlıcası Vətənin müstəqilliyi və azadlıq dərdlərinin sığınacaq yeridir.
Şeiri hamı yaza bilmədiyi kimi etiraf edək ki,şeir yazan şairlərin də hamısı əsl poeziya yarada bilməmişdir.T.Vəndamlı isə sözün həqiqi mənasında bir poeziya yaratmışdır-seçilən,fərqlənən poeziya.
Tofiq Vəndamlı haqqında elmlər doktorıarı Məhərrəm Qasımlı,Mirəli Seyidov,Abid Tahirli,xalq yazıçısı Ələviyyə Babayeva,yazıçı- dramaturq Aygün Həsənoğlu,elmlər namizədi Asif Rüstəmli,yurnalistlər Miri Rəhimli,Şakir Albalıyev və başqaları çox qiymətli yazılar yazmış,dəyərli fikirlər söyləmiş,çıxışlar etmişlər.
Aygün Həsənoğlunun isə "Azərbaycan ədəbiyyatında dissidentlik vəTofiq Vəndamlı" kitabı xüsusi qeyd edilməlidir.
Silaha sarılsın Azərqanlılar,
Pələng şirvanlılar,şir muğanlılar
Hanı Təbrizlilər, Səttarxanlılar?
Əsarət damında bezməyib hələ?
Və ya:
Çoxmu qalacaqdır qolların bağlı?
Təbrizdən Bakıya yolların bağlı...
Və ya:
Ölməsəydi Şıxəlilər
Etməzdimi bir de,nələr?!
Qaldı çürük əməllilər,
Vəfat edən sağlar oldu.
Azərqanlılar,Səttarxanlılar ifadəsi yeni söz,yeni ifadə,50 milyonluq xalqın bölünməzlik duyğusudur.
Şairin qəzəl,rübai,qoşma,gəraylı növlərində də çoxlu şeirləri vardır.
T.Vəndamlının sərbəst vəzndə yazdığı şeirlər də çox qüvvətli,məna baxımından zəngindir.
Atam mənə pay gətirmişdi,
Siqaret,qənd,çay gətirmişdi...
Bir az çörək,armud,alma,
Göz yaşında bişirilmiş
bir qazan dolma...
"Göz yaşında bişirilmiş dolma" ifadəsi məhbus və məhbus anası xarakterini,obrazını açan bir ifadə ilə,bir əsərlə belə əvəzlənə bilərmi?
Tofiq təkcə Qəbələnin yox,cənublu şimallı bütün azərbaycanlıların şairidir.Əslində bütün dünyada haqqı əzilənlərin şairidir.O,bütün Yer kürəsində əzizləri qürbətdə uyuyanların şairidir,övlad dadını da,heç olmazsa,kitabından almaq istəyən,ancaq buna da nail ola bilməyənlərin(28 yaşlı şairin ilk kitabı ölümündən nə yazıqlar ki,düz 28 il sonra işıq üzü görüb) şairidir!
T.Vəndamlı bütün dünya üzrə ürəkləri vətənlərinin müstəqilliyi eşqilə döyünənlərin şairidir.
T.Vəndamlı yaradıcılığında insanın ən ali hisslərini,hüquqlarını təhqirlərdən,böhtan və hücumlardan müdafiəyə qalxan,göründüyündən də güclü olan bir insanın məşəl kimi yanan ürəyini görürük.
Yazıçı Əlibala Hacızadənin "Təyyarə gölgəsi" romanında belə bir yer var ki,insan da öləndən sonra sevilərmiş.Sağlığında bu sevgi ona qismət olmayıb,öləndən sonra isə dəlicəsinə sevilib.
Məncə,Tofiq Vəndamlı da belələrindəndir.Bu sevgi ona öləndən sonra qismət olub.
Yeri gəlmişkən qeyd edim ki,onun yaradıcılığının xeyli hissəsi hələ də toplanıb ərsəyə gətirilməyib,nəşr edilməyib.
Bir çox poemaları("Vətənim","Şikayət"və s.),povest,şeirləri işıq üzü görməyib.
İnanıram ki,qəsəbəmizin,rayonumuzun dəyərli insanları,ədəbiyyat həvəskarları,iş adamları bu məsələyə həssas,diqqətlə yanaşacaqlar.
Yaşın mübarək,Tofiq!

Hüseynağa Qasımov,filoloq- publisist.
Qəbələ rayonu,Vəndam qəsəbə 2 saylı orta məktəbin dil- ədəbiyyat müəllimi.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense