Van Dammın bizi sevindirən təpiyi

QəbələPress.info
title

Jan Klod Van Damm... Uşaqlığımızın unudulmaz qəhrəmanı...

Məhəllədə hamımız özümüzü ona oxşatmaq istəyirdik. Bir dəfə uşaqlardan biri mənə Van Damm təpiyi ilişdirdi. Gözümə işıq seli yayıldı, sonra şiddətli ağrı... Yerə sərilib ufuldadım. O uşaq Van Dammın təsirinə o qədər düşmüşdü ki, saçını, paltarını, yerişini belə ona bənzədirdi. Yanıb-tökülürdüm ki, bu boyda uşağın içində biabır oldum. Kasetlər alıb, onun filmlərini bir-bir izləyir, etdiyi hərəkətləri yaddaşıma köçürürdüm. Məhəllə uşağından intiqamım çox acı olacaqdı.

Atam evdə elədiyim hərəkətlərə şəbədə qoşar, şaqqanaq çəkib gülərdi. Günlər, həftələr keçdi... və mən artıq hazır Van Damm idim. Binanın qarşısında bir topa uşaq “Rembo”nun filmindən danışırdılar. Dalaşacağım oğlan başını qırxdırmış, dazbaş olmuşdu. Eynən Van Dammın filmində qarşılaşdığı amansız rəqibi Tampo kimi. Uşaqlar bizi əhatəyə aldılar. Avqust ayının ən dəhşətli istilərini yaşadığımız günlərdən idi. Dazbaş oğlan gülümsəyir, məni daha da qəzəbləndirirdi. Elə ilk cəhddə ona vurduğum fantastik Van Damm təpiyi tutdu. Uşaqlar butulka ilə su gətirib ayıltmasaydılar, bəlkə də öləcəkdi “Tampo”.

Qəbələdə Van Damma heykəl qoyulanda, hamı lağ elədi, yerli icra nümayəndəliklərini ələ saldılar. İndi həmin Van Damm 18 milyonluq "Facebook" səhifəsində həmin heykəlin şəkilini paylaşıb, Azərbaycana təşəkkür edib. Bir müddət sonra minlərlə şərhlər, rəylər gəlib. Dünyanın müxtəlif ölkələrindən insanlar vətənimizi, xüsusən də Qəbələni görmək istədiklərini qeyd ediblər. Biz cəmiyyət olaraq hər şeyə tələsirik. Mütləq hansısa bir hadisəyə qulp qoşuruq. Yumor hissimizə də söz yox. Ən istedadlı zarafatları bizdən eşitmək olar. Sadəcə onun heykəlinin qoyulmağı normal bir hadisədir. İndi minlərlə insan Azərbaycana axışıb gəlsə, biz Van Damma minnət borclu olarıq.

Van Dammın filmləri sənət baxımından ciddi olmasa da insana bir mesaj verirdi: Özünü sev, müdafiə et, əzilmə.

Gərək, həftəsonu onun filmlərindən birini izləyim.

Oğuz AYVAZ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense