İt qədər də deyilik?.. 

QəbələPress.info
title

“İt qədər də deyilik?”
(real hadisələr əsasında)
Mən qəbristanlıqları məkan kimi gəzməyi sevirəm. Deyəsən, hətta bu barədə bir dəfə yazmışam da. Orda düşündürücü şeylər çoxdur. Sakitcə addımlayırsan, məzarlara baxırsan və başa düşürsən ki, əslində eyni daşlar və xaçlar arxasında müxtəlif talelər yatır. Müxtəlif və təkrarolunmaz... Sevinc, bəlalar, ümidlər, məyusluqlar, məhəbbət, nifrət... Kimlər olub bu insanlar? Necə yaşayıblar? Necə ölüblər? Yaxşı, yoxsa pis? Nələr arzulayıblar?.. Allah bilir …
Hər şeydən çox kənd qəbristanlıqlarını xoşlayıram. Xüsusən də yazda. Ölümlə yanaşı yeni həyatın doğuluşunu məhz bu fəsildə müşahidə etmək olar. Təbiət oyanır və oxuyur, günəş isidir, quşlar civildəşir. Məhz bu anda hiss edirsən ki, ölüm axı heç yoxdur da. Sadəcə qapı açılır və adam ORA gedir. Hara? Sonra onu nə gözləyir? Bir Allah bilir...
***
Bu il kənddə olanda yenə də qəbristanlığa getmişdim.
Həmin gün bir məzar təsadüfən diqqətimi çəkdi. Baxımsızlığına və başlı-başına buraxıldığına görə yox – belələri orda çoxdur. Ona görə ki, torpağa sancılmış əyilmiş paslı xaçın iki tullantı dəmir borudan əllə düzəldilmiş olduğu aydın görünürdü. Vəssalam – nə çəpəri vardı, nə də güllər. Yalnız alaq otu basmış, çoxdan unudulmuş təpəcik. Hətta başqa narahat qəbirlərin arasında belə o xüsusilə yetim görünürdü. Sanki heç vaxt heç kimə lazım deyilmiş...
O qəmli təpəcik bütün axşamı gözlərim önündən çəkilmədi. Qonşumuzu, qocalmış Maşa xalanı görcək həmin qəbir haqda soruşdum.
– O kənardakı qəbir? O ki, eybəcər Seryojkanındır, - cavab verdi. – Yazıq...
Sonra nəyisə xatırlayırmış kimi dərindən nəfəsini çəkib fikrə getdi…
***
Seryojka doğrudan da yazıq idi. Anadangəlmə. Onun kənddə hamının sadəcə Petrovna deyib çağırdıqları nənəsi bəlkə də yer üzündə yeganə varlıq idi ki, nəvəsini ürəkdən istəyirdi, ona baxaraq dişsiz ağzı ilə fışıldayırdı: “Ehh, başıbəlalı, ölsən yaxşı olar”.
Bəlkə də yaxşı olardı. Ancaq Seryojka yaşamağa davam edirdi.
Onun anası Marinka - içki düşkünü, hamilə olduğunu sərxoş vaxtında anlamışdı, kənd türkəçarəsindən bitki həlimi alıb içmişdi ki, uşağı salsın, amma özü az qala o dünyalıq olanda da Seryojka ölməmişdi...
Sərxoşluqdan ayılmayan atasının acından sızıldayan oğluna fırıldatdığı balta uşağın üzünün yarısını aparanda da Seryojka ölmədi. Ancaq dörd yaşında eybəcərə çevrildi. Marinka oğlunu sevməsə də ağlaşma qurdu. Stepan ayıldı, milisə özü getdi, onu həbs etdilər, türmədə də öldü.
Başqa içki düşkünü Genka əlində araq şüşəsi ilə Marinkanın evində peyda olanda və sarğılı Seryojkaya ayağı ilə təpik vurub “Küçük, get gəzin” deyəndə qadının ərinə saxladığı yas da bitdi. Marinka bu səhnəyə küt-küt hırıldayıb arağa cummuşdu...
Seryojka həftələrlə evdə tıxmağa bir şey olmayanda da ölmədi və qonşuların bağlarından nəsə oğurlayırdı. Hərdən Petrovna nənə - o, da içirdi, amma fasilələrlə - nəvəsini yedizdirirdi. Ancaq bu arada olurdu, həm də onun növbəti sərxoşluğuna qədər. Sonra nənə öldü, oğlanı yedizdirməyə ümumiyyətlə kimsə qalmadı.
Eybəcər, çirkli və cındır içində olan Seryojka ilə hətta onun cındır içində olan tayları – o vaxt kəndin yarısından çox olan içki düşkünlərinin uşaqları ünsiyyət etməkdən iyrənəndə də yaşamağa davam edirdi.
Yalnız vəhşi və acıqlı oldu.
Elə çirkli döşəmədəcə yuxuya gedən anacığazı ilə Genkanın artığını içəndə, sonra isə günlərlə qusanda və özünə söz verəndə ki, onunla hər şey yaxşı olacaq, yenə ölmürdü.
On iki yaşı olanda heyvərə oğlanlar onu gecəyarısı meşədə zorlayanda və nəfəsi güclə gələn uşağı ölmək üçün meşədə atıb gedəndə də ölmədi. Səhər göbələk yığanlar onu tapmışdılar. Cinayət işi açıldı, pedofilləri tutdular, Seryojkadan isə sanki cüzam xəstəsidir, uzaq qaçmağa başladılar, o, özü də lap adamayovuşmaz oldu.
Hətta sarışın Olkaya görə özünü asanda da ölmədi. Onu sevirdi, bunu hamı bilirdi. Ancaq yaxınlaşmağa, danışmağa qətiyyəti çatmırdı. Çünki eybəcərdi. Yalnız acıqlı gözlərini sevə-sevə, eyni vaxtda nifrətlə ona zilləyirdi. Sonra Olka kənddə yaraşıqlı İvana ərə getdi. Kənd bir neçə gün içdi, yedi, kef elədi. Seryojka isə evinin artırmasında oturub qulaq asırdı. Sonra dama qalxıb özünü asdı. Amma kəndir qırılmışdı, boğulmağı da çox olmamışdı. Elə bil ki, ölüm də ondan iyrənirdi.
***
Seryojka məktəbə də müntəzəm getmirdi. Getməsi də hədə-qorxuya görə idi: “Oxumasan türmədə gəbərəcəksən, atan kimi”. Atasına oxşamağı qəti istəmirdi. Sonra doxsanlar başladı, adamlar şəhərlərə üz tutdular, qalanlarsa ya əyyaşa çevrildi, ya nəşəxora, ya da canını tapşırdı. Nadir istisnalar vardısa da, onlar da qocalar idilər. Məktəbə getməyə kimsə qalmadı, o indiyə qədər lazımsız və atılmış halda durur. Seryojka həmin vaxtadək ölüm-zülüm səkkiz sinif bitirdi, bəzi siniflərdə iki il qala-qala. Sonra nə etdi? Hamı kimi içirdi. Ancaq təkbaşına. Halbuki bir vaxtlar özünə söz vermişdi ki, içməyəcək.
Hə, bir də ölüm ayağında olan rayon zavoduna gözətçi işinə düzəlmişdi. Onu işə götürəndə də elə bil ki, paxıllığını çəkmişdilər: “Eybəcərliyə bir bax. Belə sifətdən istənilən oğru qorxar...”
Beləcə bir neçə il keçdi... Marinka ana da öldü, qışda sərxoş halda qar yığınına düşüb donmuşdu. Əyyaş Genka da harasa yoxa çıxdı. Seryojka tamamilə tək qaldığını heç hiss etmədi də. Onsuz da o, həmişə tək idi. Yəqin ölənəcən elə beləcə də sürünəcəkdi.
Amma bir payız gecəsində, həmişəki kimi təkbaşına içmiş Seryojka yolda yıxılıb qalmışdı, bir vaxt anası qarda qaldığı kimi. Anası kimi orda donacaqdı da. Ancaq kiminsə onun eybəcər üzünü yalamasına ayıldı. Bulanıq gözlərini açanda özü kimi qorxunc, birgözlü və birqulaqlı it sifəti gördü. Köpək onun kürkünün yaxalığından tutub dartdı, yəni: “Qalx, axmaq, ölərsən axı”. Seryojka da qalxdı. Ləngər vura-vura evinə çatdı, qapını açıb dalınca düşmüş iti içəri buraxdı.
***
İtin niyə şikəst olduğunu və hardan peyda olduğunu Seryoqa bilmirdi.
– Yəqin acsan, – mızıldandı. – Heç nə yoxdur axı. Yaxşı, gözlə.
O, soyuq döşəməyə köhnə adyalı sərdi, özü də geyinib evdən çıxdı.
– Sənə həmişəki kimi? – Nyurka-samoqon soruşdu. Seryojka içkini həmişə ondan alırdı. Nyurka cavab gözləmədən bulanıq şüşəni ona uzatdı.
– Yox, bunu yox... Sür-sümükdən nəsə var? Bəlkə artıq-urtuqdan…
– Nə??
– Pulunu ödəyərəm.
– Bu da küpünə girib, – Seryoqa Nyurkanın ona satdığı supun qalığı ilə gedəndə, qadın məsələnin bilicisi kimi onun dalınca pıçıldadı.
Eybəcər köpək yedi, sonra da minnətdarlıqla cavanın əlini yaladı. Seryoqa gözlənilməzlikdən hətta az qala boğuldu da, karıxmış halda cadar-cadar olmuş dilin dəydiyi yerə gözlərini bərəltdi. Bu vaxta qədər həyatında gördüyü və eşitdiyi ən böyük xeyirxahlıq Petrovna nənənin sözləri idi: “Ehh, başıbəlalı, yaxşı olar ki, öləsən”. Sonrasa yavaşca, ürəksizcəsinə və bacarıqsız şəkildə əlini kiminsə eybəcərləşdirdiyi köpəyin başına qoydu.
Beləcə, iki tənha eybəcər və heç kimə lazım olmayan varlıq bir-birinə sığındı.
Həyatında ilk dəfə idi ki, Seryoqanı evdə kimsə gözləyirdi. Və ilk dəfə idi ki, o da Nyurkadan yemək qalıqları alaraq evinə tələsirdi. Qapını açanda bu dünyada yeganə dostu sevinclə hürərək üstünə atılanda özünü necə də xoşbəxt sayırdı. İçki də alırdı, amma daha nadir hallarda. Sonra yeməyə nəsə hazırlamağa başladı. Özü də yeyirdi, Təkqulaqlını da yedizdirirdi. Təkqulaqlı – köpəyi belə çağırırdı. Onlara birlikdə çox yaxşı idi.
Kənd camaatı bu ikisinə gülürdü: “İşə bir bax, iki eybəcər necə də tapışıb". Ancaq onu da görürdülər ki, Seryoqanın gözləri mehriban və rəhmli də baxa bilir.
Zamanla o, Təkqulaqlıya həyətində dam da düzəltdi, uzun zəncirə bağladı, it də ciddi-cəhdlə evi qoruyurdu, yoldan keçənlərə hürürdü. Halbuki qorumağa hacət yox idi. Seryoqanın oğurlanası nəyi vardı ki? Hamı da bunu bilirdi.
***
Sonra Təkqulaqlı yoxa çıxdı. Yəqin ki, zəncirini qırıb qaçmışdı. Çoxları Seryoqanın hasarın önündə dayanıb uzaqlara baxdığını görmüşdü.
Bir neçə gündən sonra kənd adamları ayaqları sınmış köpəyi adyala büküb gətirdilər. Təkqulaqlı güclə nəfəs alırdı, amma sağ idi.
– Petka ilə dostlarının işidir... Özümüz görmüşük, – deyib iti yerə qoydular.
Petka narkoman idi, yox, sadəcə debil idi.
Seryoqa itin qarşısında dizləri üstə çökdü, onu qucaqladı. Təkqulaqlı onun burnunu yaladı. Çox zəifləmişdi.
– Gedək, bəlkə bir az içək, – kişilər özlərini itirmiş halda mızıldanıb sakitcə aradan çıxdılar.
Seryojka Təkqulaqlını çətinliklə qaldırıb evə apardı. Axşam Nyurka onlara gəldi.
– Mən bunu... Bax, sizə bişirmişəm... Bəlkə yeyərsiz... Pulun da lazım deyil!
Köpək sağaldı, amma daha gəzə bilmədi, yalnız sürünə bildi. Günlərin birində Seryoqa ağır çomaq götürüb yeganə dostunu şikəst etmiş Petkanın dostları ilə gəzişdiyi yerə getdi.
Müxtəlif şeylər danışırdılar. Kimsə deyirdi ki, Seryoqa sadəcə qorxutmaq istəyirmiş, kimsə danışırdı ki, Təkqulaqlının başına gətirdikləri kimi onların da ayaqlarını sındırmaq istəyirmiş. Amma iki gündən sonra onu kürəyinə bıçaq sancılmış halda tapdılar. Təkqulaqlı səsi gəldikcə kənd boyu ulayırdı. Adamlar hadisə baş verməsindən şübhələndilər. Petkanın isə hadisədən sonra izi-tozu da qalmadı.
Kişilər yığışıb tabut düzəltdilər, Seryoqanı basdırdılar. Buna basdırmaq da demək olmazdı. Qəbristanlığın ucqar bir kənarında torpağa gömdülər, vəssalam. Evini qıfılladılar. Bəs Təkqulaqlı? Təkqulaqlı yenə də yoxa çıxdı...
***
– Biz xeyli vaxt təəccübləndik ki, köpək hara gedə bilər, axı o gəzə bilmir, – qoca Maşa xala xatırlayaraq danışırdı. – Sonra Nyurka-samoqon qəbristanlıqdan göz yaşları içində qayıtdı.
Nyurka mərhum anasının məzarına baş çəkməyə getmişdi. Eybəcər Seryoqanın basdırıldığı yerin yanından ötəndə gördüyü mənzərə onu ildırım vurmuş kimi yerə yapışdırdı. Təpəcikdə Təkqulaqlı torpağı şikəst pəncələri ilə qucaqlayaraq qalmışdı. O ölmüşdü...
… Maşa xala gizlincə göz yaşlarını sildi.
– Gör nə qədər vaxt keçib, mənsə sakit xatırlaya bilmirəm. Sən orda olmusan, o yerin necə uzaqda olduğunu görmüsən. Yazıq ora necə sürünüb, necə tapıb?..
… Həmin gün adamlar Seryoqanın məzarına toplaşdılar. Nyurka, kişilər, qadınlar, o vaxt hələ qoca olmayan Maşa xala... Onlar dayanıb Təkqulaqlıya baxırdılar, hər kəs öz aləmini düşünürdü.
– Seryoqaya xaç düzəldin, mujiklər, - Nyurka birdən dilləndi. – Yəni biz it qədər də deyilik? Araq məndən.
– Məgər adam deyilik, – kimsə cavab verdi.
– Amma o, pis mujik deyildi, heç kimə pisliyi dəyməmişdi, – başqası dedi.
– Yazıq, əzabla yaşadı...
– Ehh...
Beləcə, təpəcikdə bir-birinə qaynaqlanmış iki dəmir borudan xaç peyda oldu. Sonra yenə də xeyli vaxt ötdü. Adamların çoxu kənddən getdi, Seryoqanın evi tamam uçdu, qəbrini alaq otu basdı və hər şey unuduldu...

… Növbəti gün mən çöl çiçəklərindən kiçik dəstə düzəldib qəbristanlığa getdim.
Təbiət oxuyur, quşlar civildəşir, kəpənəklər uçuşurdu, sanki ölüm deyilən nəsnə yoxmuş.
Mənə elə gəldi ki, o dünyasında Seryoqa ilə hər şey qaydasındadır. Bir də onu düşündüm ki, həyatında bir az isti münasibət görsəydi, hər şey başqa cür olardı. İsti münasibət, sevgi, məhəbbət çox vacibdir! Hər şeydə belədir. Münasibətsizlik canlı nə varsa məhv edir. Eybəcər köpək Təkqulaqlı o hissləri sərgiləyə bildiyi halda, çox vaxt təbiətin ən ali varlıqları buna çətinlik çəkirlər.

Yelena Kuçerenko.
(Tərcümə)

P.S. Bilirəm ki, sözardına gərək yoxdur. Amma onu deməkdən özümü saxlaya bilmirəm ki, təkcə insana yox, Vətənə, torpağa, işinə, hətta yol kənarındakı aşmış ağaca, yarı üzülmüş çiçəyə belə münasibət olmalıdır! Əks halda o kəsə adam demirlər.

Arzu Qazıyeva

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense