Allaha da xoş gedər, bəndəyə də... 

QəbələPress.info
title

Bu yaxınlarda sytların birində "Vəndam qəsəbəsinin vandalları" başlığı altında bir məqaləyə rast gəldim. İlk baxışdan cəsarətli yazı kimi görünən bu məqalənin müəllifini şəxsən tanımasaydım, onun şəxsi keyfiyyətlərinə bələd olmasaydım  yəqindir ki, onu qərəzçilikdə günahlandırardım. Sözügedən məqalənin dərc olunmasındn sonra müəlliflə görüşüb söhbət etsəm də, bəzi iradlarımı bildirsəm də  öz fikrimi oxucularla bölüşmək qərarına gəldim.

Hər şeydən öncə məni də narahat edən bir məsələ ilə bağlı bir -iki kəlmə demək istəyirəm. Deyilənlərə görə sözügedən qəbirsandıqda iki türk əsgərinin  məzarı var. Bu barədə əvvəllər apardığım araşdırmaların bir nəticə vermədiyi, və bu söhbətlərin gedib kənd sakini Süleyman kişiyə "dirəndiyini" görüb bu araşdırmalardan əl çəkdim.

Yeri gəlmişkən, bir balaca da Süleyman kişi barədə...

Deyirlər ki,dünyasın dəyişmiş adam barədə ya yaşı danışarlar, ya da ki, heç nə...Buna riayət eləməmək kimi olmasın,  Süleyman kişi barədə bir iki söz yazmaq istəyirəm:- O, uzun müddət Vəndam kəndinin  imamı olub. Ona qədərki  həyat tərzi ilə işim yoxdur...Kənddə imam oldugu dövrdə kənd sakinlərinin  yas məclislərini yola verib, kəbin kəsib... Əlbətdə, bütün bunları tək Allah rizası üçün etməyib. Saytda dərc olunan yazıdakı  faktlar (red:şikayətçilərə görə fakt) məhz onun sözlərinə istinadən dedikləri üçün onu yada salmalı oldum.

Bir rəvayətə görə hədis alimlərindən biri uzun yol qət edərək, bir hədisin düzgünlüyünü araşdırmaq üçün uzaq bir məmləkətə gəlir. Ona lazım olan adamı axtarıb tapdıqda görür ki, həmin adam əlində duz varmış kimi boş  əlini uzadıb atı çağırır. Ondan heç nə soruşmadan geri qayıdır. Məsələdən agah olan tanışları ondan bu hərəkətinin səbəbini soruşduqda o:

-Əgər  bir nəfər atı aldadırsa, demək yalan danışmağı bacarır. Onun mənə də yalan deməməsinə şübhəm var.

Hə...Süleyman kişidən danışırdıq axı...

Məhz, o Süleyman kişi idi ki, Ağabəy kişinin dediyinə görə, sözügedən qəbirsandığa keçib təbii ehtiyacını ödəyən bir nəfər kənd sakininə "öz ölünə hörmət etmirsən,  heç olmasa qəbirsandıqda uyuyan türk  şəhidinin qəbrinə hörmət elə" demiş, hətda ona  bir "şapalaq" da ilişdirmişdi. Bu, həm də o Süleyman kişidir ki, sağlığında qəbirsandıqda  onun oğlu ilk mağazanın təməlini qoydu...Bəs başqalarından tələb olunan hörmət?..Hanı məntiq?.. Məntiq boş olanda da  suallar meydan sulayar, demişlər.

Süleyman kişinin  oğlunu da şapalağa qonaq edib-etməməsi barədə məlumatım yoxdur, amma  sonrakı mağazalar  neçə illər əvvəl  həmin cərgədə tikildi və o vaxtı həmin Ağabəy kişi, kənddə sayılıb seçilən,  söz deyə bilən və sözü  eşidilən şəxslərdən biri idi...

Ağabəy kişidən danışırdıq axı...

Şikayətçilərdən biri də qəsəbə sakini  Ağabəy Ağayevdir. Əslən cənub rayonundan olan bu şəxsin sosial şəbəkələrdə qəsəbə  barədə tənqidi çıxışlarını, narazılıqlarını çox eşitmişəm. Bu yaxın illərə qədər əkinçiliklə məşğul olan bu şəxsin qəsəbəyə sevgisi istifadəsində olan torpaqların icarə müqaviləsinin uzadılmamasından sonra başladı ya yox, bilmirəm. Amma, bilirəm ki, o da başqa şikayətçilər də əvvəllər də kənddə yaşayıblar, qəbirsandıqda tikilən tikililər onların gözü önündə olub. Təzə tikilən mağazaların birinin sahibinin məhz onun qardaşı olduğu da maraqlı faktlardandır...Bəs fəallıq indi niyə baş verir?..

O ki, qaldı qəsəbə torpaqlarının satılması haqqında yazılara... Bu barədə yazıb sizin vaxtınızı almaq istəmirəm. Çünki, bu barədə və qəbirsandıqların dağıdılması barədə öz fikrimi dəfələrlə bildirmişəm.

Torpaqların satılmasında qeyri-qanuni hallar barədə   kimdə isə belə faktlar varsa hüquq mühafizə orqanların müraciət edə bilər. Mənim məlumatıma görə belə müraciət olunmayıb. Bələdiyyə adlı qurumun öhdəsində olan torpaqları satmaq hüququ var. Fərqi yoxdur, asif olsun, əli olsun, vəli olsun. Satılmış torpaqların pullarının mənimsənilməsi faktı varsa bu, yenə də hüquq mühafizə orqanlarının işidir.

Mən, sadəcə, jurnalistlərin və mətbuorqanların kimlərinsə əlində , kimlərdənsə qisas almalarında istifadə olunan alətə çevrilməyinin əleyhinəyəm.  Mənim zənnimcə qəsəbə  sakinləri  Ədalət Qarayev və başqaları öz şəxsi problemlərini nin həllini qanuni yolla həll etməyə çalışmalıdırlar. Qeyd edim ki, qəsəbədə  baş verən  qeyri qanuni hərəkətlər barədə dəfələrlə yazmışıq və tədbir görülüb. Yəni mənim məqsədim kimləri isə müdafiə etməkdən uzaqdır və mən doğulub boya başa çatdığım, indi də yaşadığım  bu qəsəbəni çox sevirəm. Bəzilərinin çıxışlarından belə alınır ki, nə Vəndamda bu qəsəbəni sevən yoxdur, nə  də  bu iki-üç nəfərdən başqa hamı icra nümayəndəsi İ.Bağırovdan və bələdiyyə başqaanı A.Həşimovdan qorxurlar.

 Ya da, necə deyərlər, torbada pişik var...

Bu pişiyin varlığı su kimi aydın görünsə də torbanı açmaq vaxtı olmadığını düşünürəm.  Bu torba da açılacaq...O zaman Vəndamlılar öz qəbirlərinə sahib çıxmırlar, vəndamlılar qorxaqdırlar və s...kimi bütün kənd camaatına yönəldilmiş əsassız ittihamlar aradan qaldırılacaq... Kimlərinsə vəzifə davasının qurbanı olan ədalətlər, əlilər, vəlilər biləcəklər ki, öz hərəkətləri ilə kimin dəyirmanına su tökürlər.

Sonda qeyd etmək istəyərdim ki,  türk  şəhidlərinin qəbirləri barədə gedən söz-söhbət qəsəbə, eləcə də rayon rəhbərlərinin qulağına çatmadığını düşünmək sadəlövhlük olardı.  Qəbirlərin həqiqətən şəhid qəbri olduğunu və ya bunun əksini sübut etmək, daha doğrusu dəqiqləşdirmək  indi çox çətindir.  İki qardaş xalqın dostluğunun rəmzi kimi  həmin yerdə bir abidənin quraşdırılması nə böyük işdir ki...

Əgər bunu etsələr... Necə deyərlər, Allaha da xoş gedər bəndəyə də...

QəbələPress.info saytı adı çəkilən şəxslərin qeydlərini də dərc etməyə hazır olduğunu bildirir.

Valeh ƏZİZ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense