"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...

QəbələPress.info
title

M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1026-cı qrupunun məzunları Hicran Hüseynovanın "sərəncamı" və Rövşən Hacıbəylinin icraçı təşəbbüsüylə (1026-cı qrup Qorbaçovdan qabaq Hacı Rövşəni prezident seçmişdi) bir araya gəldilər.

Universitetə daxil olmamızın 30, universiteti bitirməmizin 25 ili bu il tamam olur. Bu ümumbəşəri hadisəni, yəni 1026-cı qrupun bir araya gəlməsini ictimailəşdirmək üçün çox düşündüm və bizim qrup daxili və daha sonralar universitet daxili yayılan yarı zarafat "Arifnamə" əl yazılı "samizdat"ı internetə köçürməyi düşündüm.

Cansıxıcı dərsləri yola vermək üçün bu zarafat vərəqlərini sonrallar sorağı qeyri fakültələrdən gəlməyə başladı.

İlk naşiri mən olsam da sonralar Rövşən Hacıbəyli (Hacı Rövşən) və Şahvələd Çobanoğlu (Mirzə Şahvələd) bu işin öhdəsindən layiqincə gəldilər. Düşünməyin ki, 1026-cı qrupun çap olunmaq problemi vardı. Elə I kursdan fakültənin "Jurnalist" qəzetini bərpa eləmişdik. Bu sadəcə bir dərs məşğuliyyətiydi, daha dəqiq desəm, "Jurnalistikaya giriş" idi. Jurnalistika fakültəsinin müəllimlərinə gəlincə isə, mən və bütün 1026-cı qrup məzunları ölənlərə rəhmət və qalanlara uzun ömür diləyərək, hər bir müəllimimizi bütün ölkə müəllimlərinə örnək göstərərdim. Əsil müəllimin necə olmasını axtaranlar bizim fakültənin müəllimlərindən öyrənmələrini tövsiyyə edərdim.

Keçək mətləbə. Qrupun başqanı Hacı Rövşən Koroğlu kimi SİM nömrədən çəkdiyi nərəyə yığışdıq. Hərçənd 30 nəfərlik qrupun bəzi dərsə davamiyyətsiz nümayəndələrinin "dərsdən yayınmaları" səbəbiylə cəmi 12 nəfər ortaya çıxa bildi. Bu xüsusdan qeyzlənən qrup nümayəndəsi Hacı Rövşən hər bir məzuna köhə "pulla" "Г" (qayıb) yazdı. Çünki bu gəlməyənlərin bəziləri düz 25 ildir ki "qeybə" çəkiliblər. Arif Abbas da şəhərdəki "basabasın" görüşə təsiriylə bağlı elmi çıxışında "A" nöqtəsindən "B" nöqtəsinə yetişməyin çətinliklərindən danışdı. Elçin Sitalçayski də Xızı və Bakı arasında xarici-iqtisadi əlaqələrin genişlənməsindən söz açdı və bildirdi ki, belə getsə Bakı və Xızı arasında dostluq haqqında momerendium imzalanacaq. Çünki bütün vəzifələrə buradan adam göndərirlər. Şəxsən mənə məlum oldu ki, Gözəl Dünya deyilmiş, sadəcə dünya Gözəlmiş. Jurnalda "şair işləyən" Hicran xanımın bu təşəbbüsünü alqışlayan Nigar xanım və Gülsüm xanım bu görüşdən məmnun görünürdülər. Elmira xanımın hələ bir ailəvi 25 illiyinin oktyabra təsadüf etdiyini uzun araşdırmalar nəticəsində müəyyən etdik. Qaldı bu mübarək tədbirdə iştirak etməmiz. Aynur xanım daim fəal ictimaiyyətçi olduğunu bir daha sübut etdi. İşi olsa da dostların çağrışını cavabsız qoymadığı bəlliydi. Düzünü desəm Zinyət xanımın səsini eşitmədim. Yəqin qocalıqdandı. Özümü deyirəm ha, Zinyət xanım heç dəyişməyib. Amma nəsə deyirdi və fakt kimi əlində çoxlu fotoşəkillər də gətirmişdi. Biz şəkillər əsasında inandıq ki, Zinyət xanım, hətta qiyabidə də bizimlə oxuyub. Kifayət xanımın da görüşdən məmnun qaldığı aydın görünürdü, amma deyəsən Arifin saçlarının tez ağarmasından məyus olmuşdu...

Sonra çay süfrəsi ətrafında dünyamızın "qlobal problemlərini" müzakirə etdik və Trampa 1026-cı qrup adından ciddi tapşırıqlar verdik. Putinə də müvafiq göstərişlər verildi. "Bakılı balası" Xızılı Elçin çay qonaqlığının sonunda: "Aynur xanım kişi adamdı"-dedi. Amma Hacıbala müəllim belə deməmişdi.

Keçək özləri yox, heç ruhları da bizimlə olmayanların və olanların müzakirəsinə. Şahvələd Mirzə Türkiyəni, Elçin Vəliyof Özbəkistanı, Novruz Kəlbəcərski isə İsmayıllını abıra salmaq üçün görüşə qatılmamışdılar. Hələ qəflətən Novruzdan bir SMS gəldi ki, bəs mən Tufandağa qalxıram, biz gələ bilməyəcəyik. Amma biz 1 saat Arzu xanımı gözləyəndən sonra mesajı gördüm. Zəng etdim çatmadı, deyəcəkdim ki, "duman olur, Tufandağ", elə bir az aşağılarda işini gör.

İndi isə zarafatsız yazıram. 1026-cı qrupun Ağsaqqallar Şurası qərara gəldi ki, bu qayıbı olanlar öz ayıblarını anlamasalar, onların diplomunu şübhə altına alacağıq. Yəni qrup "vətəndaşlığından" çıxaracağıq. Növbəti görüş günü müəyyən edilərsə, 12 sayı ən azı 20 nəfərə çatdırılmalıdır. Bunun üçün potensial imkanlarımızı cəmləməliyik. Geniş təbliğat və təşviqat işi aparmalıyıq. Xarici ölkə səfirlərinə müraciət edəcəyik. Çünki xaricə yaşayanlarımız da var. Hələ kimsə lap Biləcərdən o üzdə yaşayır. Üstəlik birjalarda neftin qiymətinin yellənməsi bizim bu ümumqrup işimizə təsir etməməlidir. Hər bir qrupdaş öz qrupdaşlıq borcunu yerinə yetirməli və bu işdə diğər qrupdaşlara örnək olmalıdırlar.

1026-cı qrup barədə dekanımız Akif Rüstəmov deyirdi ki, bu qrup bir qığılcım kimi gəlib keçdi. Bu qrupda kəsiri olan uşaq olduğunu xatırlamıram. Yəni M.F. Axundov kitabxanasına ən çox gedənlər biz idik. Uşaqlara "2" yazmaqla "xox" edən bir müəllimin, gərək ki, "XIX əsr Rus ədəbiyyatı"nı Mirzə Şahvələdin "təftişiylə" milli qürura toxunan məqamlar olduğu üçün ləğv etdirdik. Bizi rektor dəyərli alim, Mirabbas müəllim dinləyib müraciətdəki faktlarla tanış olduqdan sonra o fənni ləğv etdi. Bu qrupun daha bir özəlliyi Qarabağın müdafiəsinə yollanmış ilk tələbə dəstəsi yaratması idi. Güloğlan istisna olmaqla, hər bir oğlan bu dəstədə olub və qızlarımız bizə ərzaq toplayaraq göndərmişdilər. Bu missiyanı da qrupda oğlan qalmadığı üçün yuxarı kursda oxuyan Əlisafa Mehdi həyata keçirmişdi. Bu qrupun iki nəfər müharibə əlili və bir nəfər müharibə veteranı var.

Qrup sayca da digər qruplardan fərqli olaraq 30 nəfərdən ibarət idi. Bir dəfə qəzet qrupuna dərs deyən rəhmətlik Nurəddin Babayev məndən qrupumuzda neçə nəfərin olduğunu soruşdu. Dedim ki, 23 qız, 6 oğlan, bir də Güloğlan. Güldü ki, niyə Güloğlanı ayrıca dedin? Dedim ki, o nə qızların, nə də bizim sıramızdadır. O vaxt tələbə dəstəsinə qoşulmadığını qəbullanmırdıq. Bu gün çoxluq Güloğlanın partiyasındadır və orada 18 nəfərimiz var.

25 il sonra yenidən bir aradayıq. Hərçənd ki, bazar günü olduğu üçün universitet qapıları zindan darvazları kimi bağlı idi və bizi içəri buraxmadılar. Adi bir məmləkət halı. Dindarı məscidə, sərxoşu meyxanəyə, "tələbəni" də dərsxanəyə buraxmazlar. Bir vaxtlar qapıları önümüzdə taybatay açılan bu darvazları, aça bilmədik. Dəmir şəbəkəylə hasarlanmış Abel müəllimin obyekti, Universtetdən çox internata oxşayır. Bizlər bazar günləri də Universitetin ətrafında görüşərdik. Amma indi universitetin ətrafını Tamaşa arvadın çəpəri kimi çəpərləyiblər. Yadıma 9 nəfər 1026-cı qrup tələbəsinin 1990-cı ildə təşkilatçı kimi başlatdığı 27 Aprel yürüşü düşdü, onda 5 oğlan 4 qız çıxmışdıq. İndi 12 nəfərik:

1. Rövşən

2. Hicran

3. Arif

4. Elçin

5. Aynur

6. Gözəl

7. Nigar

8. Zinyət

9. Gülsüm

10. Gözəl

11. Kifayət

12. Və bir də mən, Xaqani...

 

Gələnlərə salam olsun!

 

P.S. Qaldı görüş sonrası 4 cigitə, orasını deməzlər, veni, vidi, vici...

"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...
"ARİFNAMƏ"NİN XÜSUSİ BURAXILIŞI - 1026-CI QRUP 25 İL SONRA...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense