Nə mən adam kimi adam, nə it it kimi it...

QəbələPress.info
title
Nazlı Ağayeva

Lütfən, kimsə yanlış anlamasın, evdə pulum vardı. Sadəcə cibimdə o qədər idi. Yəni maliyyə durumumla əlaqəsi yoxdur. Nöqtəsinə-vergülünə kimi bu gün yaşadığım ən adi hisslərdi. Anormal ola bilər, intəhası özəl təbii hisslərdi.

***

Bir ədəd itkin-bitkin Nazli Agayeva...

Gəlirəm mərkəzdən bayaq, beynəlxalq bankın qabağında oturan bir it yanından ötənlərdən ümidini üzüb kədərlə uzaqlara baxır. Beş manatlıq alış-verişi elə dəqiq aparmışam ki, qırx qəpik yol pulu qalsın. Elə oradaca köhnə ticarətçinin balaca marketi var. Qırx qəpiyə bir dənə sosiska verir, bilirəm itə-pişiyə alırsız, amma biri düşür deyə sanki bir az narahat kimi...

Çıxıb görürəm it yola düşüb gedir. Onsuz da evə piyada gedəsi oldum, yaxşı ki, istiqamətimiz birdi deyə sevinirəm. Amma itin sürəti çoxalır, çağırmaq da olmaz, çünki adını bilmirəm. Bəlkə heç özü də unudub. Bu ölkədə atılmışları adla çağırmırlar ki... Çox nadir hallarda ayağımı şikəst edən gədəni söyürəm, yoxsa həmişə o qəzanın qaçılmaz olduğuna özümü inandırmağa çalışmışam. İndi itə çatmadıqca həyəcandan addımlarımı hara gəldi ata-ata o qırmızısifət məxluqu yad eləyirəm. Sol dizim üzə dursa da iti gözdən qaçırmamaq üçün özümü səfərbər eləmişəm.

Bu arada bir maşın saxlayır, qırx qəpiyi unudub otururam, itə çatmağa başqa yolum da qalmayıb. Sürücü uşaq bizim köhnə nəsildən Nərgizin oğlu imiş. Güclə tanıdım. Polis şöbəsinin yanında itə çatıram. Uşağın hədəfdən xəbəri yoxdu. Qəfil saxladıb düşürəm. Sosiskanı iki bölüb itə verirəm. Dərhal yemir, hündür boyunu əyib bir az baxandan sonra ağzına götürür. Baxışlar adamın ürəyinə işləyir. Arıqlamış böyük gövdəsi, özünü tox tutmağı sıradan biri olmadığından soraq verir. Əlimi şabalıdı kürəyinə çəkirəm. Sızıldayan ayaqlarımı uzadıb yanındaca, xəzəllərin üstündə oturmaq keçir ürəyimdən. Amma getməliyəm. Nərgizin oğlunu da yolladım getdi. Əlimi uzatsam neçə maşın saxlamz ki... Amma hər kəsin büdcəsi var. O xalturşiklərin də.

İti polisin yanında qoyub gedirəm. Çörək verən olmasa da, incitməzlər yəqin. Arxaya baxmamağa çalışsam da, hiss eliyirəm gəlişini. Evə apara bilmərəm, çünki heç özümün o jek köşələrində nə qədər qalacağımı bilmirəm. Bəs neyləyim? Qapıda qoya da bilmərəm ki. Həyəcandan əllərim tərləyir. Birdən, gəlsin, deyirəm, bərabər gedək. Onsuz da nə onun it kimi it olmağı var, nə mənim adam kimi adam... Çatmasını gözləmək üçün qətiyyətlə dönəndə görürəm oralardan ağır-ağır uzaqlaşır.

Və birdən anlayıram, bizim bir-birimizi çəkməyə gücümüz qalmayıbmış. Bu gerçəyi öz heyvan fəhmi ilə o məndən əvvəl duyub yəqin... Canım itim mənim. Adını da qoya bilmədim ki, o gözəl gözlünün...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense