DÜNYAYA KÖRPƏ GƏLİR... 
 

QəbələPress.info
title

Zaman zaman içində, zaman anın içində… Bir zamanın, bir anın içində balaca, bapbalaca bir körpə dünyaya gəldi. İlk dəfə gözlərini açanda gözəl bir üz gördü. Bu üz sevgi və şəfqət dolu baxışlarla ona baxırdı.
-Bu, anadır.-Bir Səs dedi.
Ana körpəni qucaqladı, oxşadı, yedirdi, yuyundurdu, geyindirdi. Körpə ananı mehriban, gözəl ananı çox sevdi. 
Amma başqa bir üz də vardı yanlarında. O da şəfqətli idi, sevgi dolu idi, böyük əlləri vardı. O böyük elleri ilə körpəni qucaqladı, öpdü, oynatdı. 
“Bu, atadır.”-Səs dedi. Körpə böyük əlləri olan atanı da sevdi.
Bir gün körpəni yerə buraxdılar. Bapbalaca ayaqları yerə dəyəndə çaşdı, diksindi. Bir addım atdı, yıxılmaqdan qorxdu. Amma iki tərəfdən də ana və ata əllərini uzadaraq onu tutdular, yıxılmağa qoymadılar. Bu əllər güçlü idi, böyük və isti idi, onlara güvənmək olardı. Körpə ikinci addımı atdı. Bu dəfə daha ürəkli idi, daha cəsarətli idi. Çünki hər zaman yanında onu qoruyan, tutan əllər vardı, ana və ata əlləri. 
Körpə bir addım atdı, iki atdı, üçüncü addımı atdı, sonra dördüncü… Nəhayət, özü addımlamağa, gəzməyə başladı. Hey eyni yerdə gəzir, qaçır, fırlanır, dayanırdı. Hər tərəfdə divar vardı, bir də işıq gələn dördkünc deşiklər…
-Bu, evdir.- Səs dedi. Körpə evi də sevdi. 
Onu evdən çölə çıxardılar. Qarşısında heç görmədiyi maraqlı mənzərələr vardı, ağaclar, ağaclarda budaqdan budağa atılan quşlar, çiçəklər və çiçəklərin üstündən şirə toplayan arılar… çox şey vardı. 
-Bu, həyətdir. –Səs dedi. 
Körpəni yerə qoydular. Çox təəccübləndi, çox heyrətləndi. Yer öncə ona soyuq gəldi, amma sonra isindi sanki. Hətta onun bapbalaca ayaqlarını da oxşadı.
-Bu, torpaqdır.- Səs dedi.
Körpə bir az sonra torpaq üzərində qaçır, qaşır, bəzən də yıxılırdı. Amma torpaq yumıaq idi, heç onu ağrıtmırdı, hətta elə bil onu qucaqlayırdı. Körpə torpağı çox sevdi. 
Körpə böyüdükcə anladı ki, ana və atası dodaqlarını tərpədir, səslər çıxarırlar. O da ana və atası kimi səslər çıxarmaq istədi. Ana və atası çox sevindilər, onu qucaqladılar. 
-Bu, dildir, sənin dilin.- Səs dedi.
Körpə anladı ki, “dil” deyilən səslərdən yaranır və bu səslərdən hər birinin öz mənası var. Bu dili öyrənmək xoşuna gəldi, körpə dilini sevdi. 
Həyətdən də bayıra çıxdılar. İndi də önündə uzun küçələr vardı, küçələrdə addımlayan adamlar vardı. Bu adamlar ona gülümsəyirdilər, onu oxşayırdılar.
-Bu, sənin millətindir.-Səs dedi. Körpə millətini də sevdi. 
Körpəni gəzməyə apardılar. Böyük-böyük binalar gördü, geniş küçələr, parklar, kəndlər, şəhərlər gördü. 
-Bu, Vətəndir. -Səs dedi. Körpə Vətəni də sevdi.
-Bəs… sən kimsən? -Körpə soruşdu. Artıq o da danışmağı bilirdi axı.
-Mən, sənin Rəbbinəm. Bundan sonra sənə ana-atan öyrədəcək hər şeyi. –Səs dedi. Körpə çox kədərləndi, “Sən məni buraxıb gedirsən?” deyə dodaqlarını büzərək soruşdu.
-Səni buraxmıram. Mən səni ana və atana, evinə, vətəninə, millətinə əmanət edirəm. Sən böyüyənə qədər onlar səni qoruyacaq. Böyüdükdən sonra isə sən onları qoruyacaqsan.- Səs uzaqlaşmağa başladı. 
-Bəs sən hara gedəcəksən?-Körpə soruşdu.
Səs getdikcə uzaqlaşırdı. Uzaqlaşarkən belə dedi: 
-Mən, sənin inamınam, övladım. Mən, hər zaman səninlə olacağam.

AYGÜN HƏSƏNOĞLU

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense