Vyetnamın nümayəndə heyəti Qəbələ rayonunda 

QəbələPress.info
title Vyetnamın nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

Vyetnam Sosialist Respublikasının Quanq Nam əyaləti Xalq Komitəsinin Mədəniyyət, İdman və Turizm İdarəsinin rəisi Nquyen Thanh Honqın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda səfərdədir. 

Qonaqları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan görüşdə Qəbələnin tarixi, mədəni həyatı barədə qonqalara məlumat verib, turizm, sosial-iqtisadi sahədə reallaşdırılan müxtəlif layihələrdən və əldə olunan uğurlardan danışıb.

900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil etdiyini bildirən RİH başçısı cəlbedici turizm diyarı kimi tanınan bölgənin, həm də beynəlxalq mədəniyyət mərkəzi kimi, ölkənin ictimai həyatında mühüm rol oynadığını, hər il burada bir sıra beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının və rəsm sərgilərinin keçirildiyini qeyd edib.

Ölkələrimiz və xalqlarımız arasında olan tarixi dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıq əlaqələrindən ətraflı söz açan rayon rəhbəri Vyetnamın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu bildirib.

Rayonumuzun bu günü barədə nümayəndə heyətinə geniş məlumat verən RİH-nin başçısı Qəbələdə müasir sənaye obyektlərinin, fabrik və zavodların tikilərək istifadəyə verildiyini, rayonda aqrar sektorun, xüsusilə kənd təsərrüfatının aparıcı sahəsi olan bağçılığın, əkinçiliyin və maldarlığın yüksək inkişaf etdiyini diqqətə çatdırıb. Hər iki ölkənin iqtisadi potensialının artırılması ilə bağlı müsbət nəticələrin əldə olunduğunu söyləyən Səbuhi Abdullayev Azərbaycan və Vyetnam Respublikaları dövlət başçılarının qarşılıqlı səyləri nəticəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi istiqamətində mütərəqqi ənənələrin yarandığını və bu ənənələrin daha da möhkəmləndiyini qeyd edib.

Natiq vyetnamlı qonaqların Qəbələdə keçirdiyi günlərin uzun müddət onların xatirələrində xoş duyğular yaradacağına əminliyini ifadə edib. Vyetnam nümayəndə heyətinin başçısı Nquyen Thanh Honq onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkürünü bildirib. O, Qəbələnin sosial-iqtisadi inkişafının, eləcə də füsunkar təbiətinin onu məftun etdiyini və bu tanışlığın təəssüratından silinməyəcək xoş xatirələr yaratdığını qeyd edib. Vyetnamlı qonaq bölgələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın yaranacağına, inkişaf etdiriləcəyinə və uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Görüş əsnasında Nquyen Thanh Honq tərəflər arasında iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduğunu söyləyib. Görüşdə Vyetnamın iqtisadiyyatını və mədəni həyatını əks etdirən videoçarx nümayiş etdirilib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Səfər çərçivəsində Vyetnamın nümayəndə heyəti “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, stend atıcılığı kompleksi, “Gilan” Qida Şəhərciyi və Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olub.

Nquyen Thanh Honqın başçılıq etdiyi Vyetnam Sosialist Respublikasının nümayəndə heyəti Qəbələdən xoş təssüratlarla ayrılıb./Qəbələ RİH/



Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense